"Minsk 2019"un azərbaycanlı rəsmisi: "Bu gün ikiillik əziyyətimizin bəhrəsini görürük”

"Minsk 2019"un azərbaycanlı rəsmisi: "Bu gün ikiillik əziyyətimizin bəhrəsini görürük” Minsk 2019 II Avropa Oyunlarının keçirilməsində azərbaycanlı mütəxəssislərin xidmətindən də istifadə olunub.
Avropa Oyunları
27 İyun , 2019 13:05
Minsk 2019un azərbaycanlı rəsmisi: Bu gün ikiillik əziyyətimizin bəhrəsini görürük”

"Minsk 2019" II Avropa Oyunlarının keçirilməsində azərbaycanlı mütəxəssislərin xidmətindən də istifadə olunub.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, Oyunların Əməliyyat Komitəsində (MEGOC) çalışan həmin şəxslər təşkilati məsələlərdə yaxından iştirak ediblər. Onlar "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları zamanı topladıqları təcrübəni belaruslu həmkarları ilə bölüşüblər.

Həmin şəxslərdən biri II Avropa Oyunlarının Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə konsultantı Samir Məmmədovdur. "Bakı 2017"dən sonra "Minsk 2019"un Əməliyyət Komitəsində çalışmağa başlayıb. O, iki ilə yaxındır işlədiyi komitədə hazırda məsləhətçi vəzifəsini tutur.

S.Məmmədov "Minsk 2019"un Əməliyyat Komitəsinin sədri Georgi Katulin ilə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıqlarını, gələcək strategiya və planlamanı hazırladıqlarını açıqlayıb: "İlk gündən bütün departamentlər üzrə ekspert məsləhətçi kimi çalışıram. Mən gələndən sonra Azərbaycandan da mütəxəssislər dəvət etdim. Çox qürur hissi ilə deyə bilərəm ki, iki il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini bu gün görürük”.

MEGOC rəsmisi Bakıdakı ilk Avropa Oyunlarında qazandığı təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb: “Bakı 2015"də Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva intensiv olaraq problemlərlə maraqlanır, işçi qüvvəsi ilə görüşürdülər. Bu isə bizdə böyük ruh yüksəkliyi yaradırdı. Bu, onun nəticəsidir ki, hazırda xarici ölkədə müxtəlif vəzifələrdə mütəxəssis kimi çalışırıq”.

S.Məmmədovun sözlərinə görə, Minskdə Avropa Olimpiya Komitələrinin (EOC) ekspertləri onlarla hər görüşlərində ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından danışıblar. Hazırda MEGOC-da 6-7 azərbaycanlı mütəxəssisin çalışdığını deyən S.Məmmədov Belarusda işlədikləri dönəmdə onlara dəstək olan gənclər və idman naziri Azad Rəhimova, I Avropa Oyunlarının Əməliyyat Komitəsinin Kooperativ direktoru Elçin Səfərova, azərbaycanlı və xarici həmkarlarına xüsusi təşəkkürünü bildirib:

“Nəzərə alınsa ki, Avropa Oyunlarının bünövrəsi məhz Azərbaycanda qoyulub, demək ki, yazılmış qanunlar və strategiya var. Amma Minsk də bu oyunlara özünəməxsusluğunu qata bilib. Məhz bir sıra məlumatların əldə olunmasında, istiqamətlərin müəyyənləşməsində onlardan aldığım informasiyalar əsasında yaranan və yarana biləcək təşkilati problemləri vaxtında aradan qaldırırıq. Sağ olsunlar ki, öz köməkliklərini əsirgəməyiblər”.

S.Məmmədov II Avropa Oyunlarından dərhal sonra Bakıya qayıdaraq, XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) təşkili işində çalışacağını əlavə edib: “Bununla bağlı dəvət almışam və yenidən Vətəndə çalışacağım üçün qürur hissi keçirirəm. Artıq Azərbaycanın Avropa, Olimpiya Oyunlarının təşkilati işlərində çalışan peşəkar mütəxəssisləri yetişib”.

Qeyd edək ki, "Minsk 2019"a iyunun 30-da yekun vurulacaq. EYOF isə 21 - 27 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi