Yuxarı

Bakı Olimpiya Stadionu 95 faiz hazırdır - REPORTAJ

Stadion fevralın sonlarınadək təhvil veriləcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda işlər tamamlanmaq üzrədir. "Report"un əməkdaşı yanvarın 16-da arenada olarkən bunun şahidi olub.

Stadionun ərazisinə daxil olarkən xeyli yük maşını görmək mümkündür. Onlar arenanın ətrafını abadlaşdırmaqla məşğuldurlar. Abadlıq işlərinin bir müddət davam edəcəyi gözlənilir. Stadionun özündə isə demək olar hər şey hazırdır. Tribunalardakı 69 minədək oturacağın fərqləndirici xüsusiyyəti onların təkcə rəngində deyil, həm də açılıb-bağlanan olmasındadır. Burada ali qonaqlar və jurnalistlərdən əlavə, əlillərin də oyunu izləməsi nəzərə alınıb. Tribunaların şimal və cənub tərəflərində əlavə yarus da var, şərq və qərbində isə monitorlar quraşdırılıb.

Meydançaya səpilən toxumlar artıq cücərməyə və nazik ot qatı əmələ gətirməyə başlayıb. Bu örtüyün açılış və bağlanış mərasimlərindən sonra dəyişdiriləcəyi gözlənilir. Stadion daxilində görülən işlər "Tekfen İnşaat" tərəfindən aparılır. Stadionda çalışan şirkət əməkdaşları ilə söhbət zamanı məlum olub ki, artıq işləri yekunlaşdırmağa başlayıblar. Fevralın əvvəllərindən etibarən işçilər tədricən stadionu tərk etməyə başlayacaqlar.

Gələn ayın sonunadək isə "Tekfen İnşaat" stadionu tam təhvil verəcək. Bunu "Report"a "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin Kommunikasiya Departamentinin əməkdaşı Gülnaz Quliyeva bildirib. O deyib ki, bütün tikinti işləri qrafik üzrə aparılır, heç bir gecikmə qeydə alınmayıb. İşlərin 95 faizi başa çatdırılıb. Hazırda stadion daxilində təmizlik, ətrafında isə abadlıq işləri görülməkdədir. Stadionun cənub hissəsində ağaclar da əkilməyə başlayıb. Eyni zamanda 500-dək oturacağı olan açıq süni örtüklü meydança salınıb. Stadion təhvil verildikdən sonra 6000-dək könüllünün iştirakı ilə açılış mərasiminin treninqi aparılacaq.

G.Quliyevanın sözlərinə görə, Avropa Oyunları zamanı stadion ətrafında ictimai parklama yeri olmayacaq. İnsanlar Oyunları izləməyə xüsusi ayrılmış avtobuslarla gələ bilərlər. Onlar təkcə açılış və bağlanış mərasimlərini deyil, atletika yarışlarını da izləmək imkanı əldə edəcəklər. Tamaşaçılara müxtəlif xidmətlər göstəriləcək ki, onların arasında yemək də var.

Belə zonalardan artıq ali qonaqlar üçün nəzərdə tutulan sektor mebellərlərlə də təmin edilib. Geniş sahəni əhatə edən sektor 4-cü mərtəbədə yerləşir. Xüsusi zövqlə hazırlanmış otaqlara divanlar, kreslolar, masalar və s. düzülüb. Masaların üzərindəki cızıqlar ilk baxışdan onların köhnə olması təsəvvürünü yaradır. Amma stadion işçiləri deyirlər ki, əslində masalar elə bu formada istehsal olunub. Məqsəd isə onlara daha çox qədimi görüntü verməkdən ibarətdir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda işlər Avropa Oyunlarından sonra da davam etdiriləcək. Arena 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və futbol üzrə 2020-ci il Avropa çempionatına hazırlanacaq. Eyni zamanda ətraf ərazilərdə qurudulmuş göllərin əvəzinə, süni göllər, geniş park salınacaq. Stadionun təməli isə 2011-ci il iyunun 6-da atılıb. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayev iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi