Yuxarı

"Bakı 2015" I Avropa Oyunlarına 20 gün qalır

Oyunlara qitənin 50 ölkəsindən 6 000-dən çox idmançı qatılacaq

Bakı. 23 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının başlamasına artıq 20 gün qalır. "Report" xatırladır ki, iyunun 12-də start götürəcək Oyunlara qitənin 50 ölkəsindən 6 000-dən çox idmançı qatılacaq. 

Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən hazırlanıb və idarə edilir. İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verilib. Həmin tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib. 

Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Avropa Oyunlarının proqramında 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya olmaqla, 20 idman növü yer alacaq. 

Ümumilikdə 253 dəst medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla 12 idman növü üzrə Rio 2016 Yay Olimpiadasına təsnifat imkanları veriləcək. Kayak və kanoeçilər Mingəçevirdə, qalan növlər üzrə idmançılar isə Bakıda mübarizə aparacaqlar. I Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq. Açılış və Başlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi