Bakı-2015 Avropa Oyunları və Rio-2016 olimpiadası arasında təcrübə mübadiləsi təklif olunub

Bakı-2015 Avropa Oyunları və Rio-2016 olimpiadası arasında təcrübə mübadiləsi təklif olunub Azərbaycan və Braziliyanın idman sahəsində əməkdaşlığı müzakirə edilib
Avropa Oyunları
5 Noyabr , 2014 13:26
Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər bir sıra mövzular ətrafında müzakirələr apararaq, tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Hər iki nazir qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A.Rəhimov Braziliya ilə sıx əməkdaşlığa hazır olduqlarını, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

A.Rebelo isə deyib ki, son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir: "Rio-de-Janeyro 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər".

Braziliyalı nazir gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də söyləyib.

Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıb.

Son xəbərlər

Orphus sistemi