Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışında təmsil edən Patimat Abakarova bürünc medal qazanıb.
"Report" xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə italiyalı Nikoli Erika ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçimizin 13:0 hesablı qələbəsi ilə baaşa çatıb.
***17:31
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı taekvondo yarışında təmsil edən Patimat Abakarova bürünc medal üçün yarışacaq. "Report"un məlumatına görə, qadın idmançı 49 kq çəkidə keçirilən yarışların yarımfinalında serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada 3-cü raunddan sonra hesab bərabər olub - 3:3. Qızıl xal döyüşündə isə serbiyalı daha inamlı çıxış edərək finala yüksəlib. Döyüş 7:6 hesabı ilə başa çatıb.
*** 16:36
Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışında iştirak edən Məhəmməd Məmmədov çıxışını başa vurub. "Report"un məlumatına görə, 58 kq çəkidə döyüşən idmançı məğlubiyyətlə üzləşib. O, Xesus Tortosa Kabreraya uduzub. Tərəflərin görüşündə ispaniyalı idmançı 8:3 hesablı qələbəyə sevinib.
*** 11:09
Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışlarında təmsil edən Məhəmməd Məmmədov növbəti mərhələyə vəsiqə qazanıb. "Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan döyüşçü ilk görüşdə israilli Gili Haimovitsi məğlub edib - 7:4.
*** 10:55
Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, o, rusiyalı Aleksandra Luçaqinanı məğlub edib.
Görüşün sonunda Abakarova 7:1 hesablı qələbəyə sevinib. Qadın döyüşçü 1/4 final mərhələsində yunanıstanlı İonna Koutsou ilə döyüşəcək. Rəqiblər 15:30-da üz-üzə gələcək.