Sevil Bünyatova "Bakı 2015"də gümüş medal qazanıb
- 25 iyun, 2015
- 15:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən Sevil Bünyatova gümüş medalla kifayətlənməli olub. "Report"un məlumatına görə, S.Bünyatova finalda polşalı Anjelika Vatora 15:14 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan I Avropa Oyunlarında medallarının sayını 46-ya çatdırıb. Ölkəmizin aktivində 15 qızıl, 13 gümüş və 18 bürün medal var.
*** 19:51
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən əkiz bacılardan digəri Sevinc Bünyadova sablya üzrə fərdi mübarizənin yarımfinalında polşalı Anjelika Vatorla qarşılaşıb. "Report"un məlumatına görə, görüşdə polşalı atlet 15:11 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Azərbaycanın qadın qılıncoynadanı isə bürünc medalla kifayətlənib.
*** 19:40
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən əkiz bacılardan biri olan Sevil Bünyatova finala yüksəlib. "Report"un məlumatına görə, S.Bünyatova yarımfinalda sablya üzrə fərdi yarışlarda fransalı Marqo Rifkissi vaxtından əvvəl məğlub edib - 15:9. O, finalda polşalı Anjelika Vatorla qarşılaşacaq.
*** 17:25
Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında daha 2 medalı təmin edib. "Report"un məlumatına görə, medallar qılıncoynatma yarışında iştirak edən Sevinc və Sevil Bünyatova bacılarının aktivinə yazılıb.
1/4 finalda yunanıstanlı Vassiliki Vuqyukaya 15:12 hesabı ilə qalib gələn Sevil Bünyatova yarımfinalda fransalı Marqo Rifkisslə qarşılaşacaq. Qalib tərəf finala yüksələcək, məğlub olan isə aktivinə bürünc medal yazdıracaq.
Sevinc Bünyatova isə yarımfinalda polşalı Anjelika Vatorla üz-üzə gələcək. O, 1/4 finalda ukraynalı Alina Komaşçuku məğlub edib - 15:11.
*** 16:23
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Sevinc və Sevil Bünyatova bacıları 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, Sevil Bünyatova 1/8 finalda rusiyalı Mariya Rideli məğlub edib - 15:9.
O, növbəti görüşündə yunanıstanlı Vassiliki Vuqyuka ilə qarşılaşacaq.
Sevinc Bünyatova isə italiyalı Rebekka Qarqanonu məğlubiyyətə uğradıb - 15:7. Onun 1/4 finaldakı rəqibi Alina Komaşçuk olacaq.
Qeyd edək ki, Azərbaycanın 1/8 finaldakı daha bir təmsilçisi Səbinə Mikina Yana Obintsevaya 13:15 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
*** 15:07
Azərbaycan idmançıları "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında mərhələ adlayıblar. "Report"un məlumatına görə, bu gün iştirak edən 4 qadın qılıncoynadandan 2-si 1/16, 2-si isə 1/8 finala yüksəlib.
Sevinc Bünyatova A qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. O, 1/16 finalda rəqibi yarışda iştirak etmədiyindən heç bir görüş keçirməyib və birbaşa 1/8 finala yüksəlib.
Sevil Bünyatova isə F qrupunu ikinci tamamlayıb. Qrup mərhələsində 5 oyunda 4 qələbə qazanan S.Bünyatova 1/16 finalda polşalı Maqdalena Pasternakı məğlub etməlidir.
D qrupunda 5 görüşün 3-də qələbə qazanan Fatimə İbrahimova da 1/16 finala yüksəlib. Qadın qılıncoynadan bu mərhələdə italiyalı Rebekka Qarqano səddini keçməyə çalışacaq. Qalib gələn idmançı 1/8 finalda Sevinc Bünyatova ilə üz-üzə gələcək.
Qrup birincisi olaraq növbəti mərhələyə yüksələn Sabina Mikina birbaşa 1/8 finalda çıxış edəcək. Buna səbəb S.Mikinanın 1/16 finaldakı rəqibinin yarışa gəlməməsidir.