Bakı. 14 may. REPORT.AZ/ "
Belarus Milli Olimpiya Komitəsindəki (MOK) mətbuat konfransında İ.Vahabzadə deyib ki, Avropa Oyunlarının təşkili və keçirilməsi Azərbaycan üçün böyük şərəf, məsuliyyətdir. Onun fikrincə, bu hüququ verən Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycanda idman infrastrukturunun inkişafına və yerli idmançıların nailiyyətlərinə əsaslanıb: "Artıq bu gün - Açılış mərasiminə bir ayadək vaxt qalmış deyə bilərəm ki, Bakı avropalı qonaqları qəbul etməyə hazırdır. Hazırlığa cəmi 2,5 il vaxtımız olsa da, ciddi işlər görülüb və "Bakı 2015" olimpiada səviyyəsində təşkil olunacaq".
Tədbir zamanı səfir kanoe üzrə olimpiya çempionu və I Avropa Oyunlarında iştirak edəcək Aleksandr Boqdanoviçə xatirə hədiyyəsi təqdim edib.
Belarus MOK-un I vitse-prezidenti Maksim Rıjenkov bildirib ki, Avropa Oyunlarının keçirilmə ideyası çoxdan dolaşıb: "Bu ideyanın həyata keçirilməsinin təşəbbüskarlarından biri elə bizim komitənin prezidenti və ölkə rəhbəri Aleksandr Lukaşenko olub. Xoş haldır ki, Avropa Oyunlarının təşkili ideyası 2011-ci ildə EOC-un məhz Minskdəki iclasında ortaya çıxıb və Lukaşenko tərəfindən dəstəklənib. Oyunlar qardaş ölkədə keçiriləcək və biz idmançılarımızdan Bakıda uğurlu çıxış gözləyirik".
Qeyd edək ki, 12 - 28 iyunda təşkil olunacaq I Avropa Oyunlarında Belarus idmançıları 23 yarış növünə qatılacaq. Nümayəndə heyətinin ilk qrupu Bakıya iyunun 10-da gələcək.