Azad Rəhimov Azərbaycandakı diplomatik nümayəndəlikləri "Bakı-2015"lə bağlı məlumatlandırıb

Azad Rəhimov Azərbaycandakı diplomatik nümayəndəlikləri "Bakı-2015"lə bağlı məlumatlandırıb "Biz diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmağı çox vacib hesab edirik"
Avropa Oyunları
14 Noyabr , 2014 18:28
Azad Rəhimov Azərbaycandakı diplomatik nümayəndəlikləri Bakı-2015lə bağlı məlumatlandırıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı 2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib. "Report"un məlumatına görə, "Bakı 2015"in rəhbər şəxsləri I Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov nümayəndələr qarşısında çıxış edib. O bildirib ki, diplomatik brifinq "Bakı-2015" komandası üçün oyunlara hazırlıqlarla bağlı ən son yeniliklər haqda diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət olub: "Biz beynəlxalq aləmdə I Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmağı çox vacib hesab edirik".

Daha sonra "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları haqqında ümumi məlumat verib. O bildirib ki, qarşıdakı illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edəcək və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək: "Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacibdir".

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva isə komitənin I Avropa Oyunlarında oynayacağı rol barədə ətraflı məlumat verib. 

Qeyd edək ki, Bakıdakı "Fairmont Otel"də keçirilmiş görüşə 60 ölkədən yüzdən çox nümayəndə qatılıb. 

Son xəbərlər

Orphus sistemi