Yuxarı

​Aleksandr Qusyatnikov: "I Avropa Oyunları gələcəyə atılan önəmli addımdır"

2015-ci il dünya velosiped idmanı həyatında kifayət qədər aktiv dövr kimi yadda qalacaq

"2015-ci il dünya velosiped idmanı həyatında kifayət qədər aktiv dövr kimi yadda qalacaq və siz də bu proseslərin içində olacaqsınız".

"Report" xəbər verir ki, bu sözləri Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov dünyanın bir çox tanınmış komandalarının, o cümlədən "İtera-Katyuşa" (Rusiya), "Astana" (Qazaxıstan), "CCC" (Polşa), habelə Azərbaycanın "Synergy Baku" və dağ velosipedi üzrə yığma komandasının İspaniyada keçirilən təlim-məşq toplanışı zamanı AVİF-in mətbuat xidmətinə müsahibəsində deyib.

O, Bakı-2015 ilk Avropa Oyunlarını gələcəyə atılan önəmli addım kimi dəyərləndirib. A.Qusyatnikov Avropa Oyunlarının şosse velosipedi üzrə yarışlarını belə xarakterizə edib: 

"Bildiyiniz kimi, uzun illərdir ki, şosse velosipedi üzrə Elit yaş kateqoriyasında Avropa çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili dünya çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosipedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən Elit yaş qrupunda Avropa çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də, Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək".

UEC-in vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də Bakı-2015-in proqramına şosse velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə şübhə etmir: 

"2014-cü ildə keçirilən "Tour d’Azerbaïdjan" veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazandı. Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhər küçələrində yarışmağı kim istəməz? Beynəlxalq standartlara cavab verən dağ velosiedi parkınız artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində fantastik işlər görülür. "Tour d’Azerbaïdjan" veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Prezident İlham Əliyevin idmana, o cümlədən velosipedə göstərdiyi qayğı, federasiyanızın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi