Yuxarı

AVRO-2016: Macarıstan - Portuqaliya matçında yeni rekordlar qeydə alınıb

Ronaldu yenə tarixə düşüb

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında 3-cü turun Macarıstan - Portuqaliya matçı bir sıra cəhətləri ilə əlamətdar olub. "Report"un məlumatına görə, F qrupundakı qarşılaşmada hazırkı çempionat ərzində rekord sayda - 6 qol vurulub.

Bunadək ən çox qol D qrupunun Xorvatiya - Çexiya matçında qeydə alınmışdı - 2:2.

Digər tərəfdən, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatlarının rekordçusuna çevrilib. O, ardıcıl 4 qitə çempionatında fərqlənməyi bacaran ilk futbolçu olub. Ronaldu gümüş medal qazandıqları AVRO-2004-də 2, bürünc medalçı olduqları AVRO-2008-də 1, 1/4 finalda dayandıqları AVRO-2012-də 3 qol vurub.

Bununla yanaşı, 31 yaşlı hücumçu daha bir rekorda imza atıb. Ronaldu yığma komandaların heyətində Avropa çempionatında ən çox oyuna çıxan futbolçu kimi də tarixə düşüb. 2004-cü ildən Portuqaliyanın heyətində qitə turnirinə qatılan Ronaldu Macarıstanla oyunda 17-ci matçını keçirib. Buna qədər ən yüksək göstərici 16 oyunla Fransa millisinin sabiq müdafiəçisi Lilian Türama və Hollandiya yığmasının sabiq qapıçısı Edvin van der Sara məxsus olub.

Qeyd edək ki, AVRO-2016-nın F qrupunda çıxış edən Portuqaliya qrup üçüncüsü kimi növbəti mərhələyə yüksəlib. Ronaldunun komandası 1/8 finalda Xorvatiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 25-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi