Yerli istehsal olan tibbi maskanın satışı və ixracının qarşısında duran manelər açıqlanıb

ASK
  • 15 yanvar, 2022
  • 11:07
Yerli istehsal olan tibbi maskanın satışı və ixracının qarşısında duran manelər açıqlanıb

Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi məhsullarını ixrac edə bilmir.

Bunu “Report”a müəssisənin rəhbəri Səkinə Babayeva deyib.

"Bunun bir neçə səbəbi var. Müəssisəmiz təzə fəaliyyətə başlayanda Almaniya, Meksika, Gürcüstan və Rusiyadan sifarişlər alırdı. İxrac zamanı bir tibbi maskanın dəyəri 13-14 qəpiyə başa gəlir, çünki onun maya dəyərinə xammal idxalına çəkilən xərc və işçilərə verilən əmək haqqı daxildir. Lakin idxalçı ölkələr bir tibbi maskanı 8 qəpiyə alırlar. Buna görə də biz digər ölkələrlə rəqabət apara bilmirik”.

Nəzərə alsaq ki, Azərbaycan hökuməti 2022-ci ilin dekabrın 31-dək tibbi maska istehsalı üçün istifadə edilən xammalı idxalı gömrük rüsumündan azad edib (15 %-dən 0 % endirilib), hazır məhsulun dəyərinə əsasən hammalın təsir etdiyini demək olar.

S.Babayeva ölkədə istehsal etdikləri tibbi maskanın satışı ilə bağlı vəziyyətə də toxunub: “Dövlət qurumları apteklər şəbəkəsi ilə işləyir. Apteklər şəbəkəsi də maskaları daha ucuz qiymətə xaricdən alırlar. Lakin bizim istehsal etdiyimiz antibakterial tibbi maskalar daha keyfiyyətlidir. Çünki xammalımız yüksək keyfiyyətə malikdir. Biz ancaq özəl müəssisələrə, şirkətlərə satırıq. Ölkə üzrə tibbi maska üzrə tələbatın təqribən 20 %-ini ödəyirik. Lakin müəssisəmiz ölkənin tələbatının 100 %-ini ödəyə bilər. Həmçinin, paytaxtla yanaşı, məhsullarımızı regionlara da satırıq. Hazırda 8 milyon maskanın istehsalı üçün xammalımız var, 10 milyonluq maska ehtiyatımız var”.

S.Babayeva deyib ki, ölkəyə xaricdən gətirilən tibbi maskanın sayının tənzimlənmə işlərinin həyata keçirilməsinə ehtiyac var: “Bu, yerli məhsulun satışının artmasına, apteklər şəbəkəsinin yerli müəssisələrlə işləməsinə səbəb olar”.

Onun sözlərinə görə, 2021-ci ildə tibbi maska istehsalımız 19 milyon 200 min ədəd, satışımız isə 14 milyon ədəd təşkil edib: “2020-ci ildə isə istehsalımız 35 milyon ədəd, satışımız isə 33 milyon ədəd təşkil edib".

Qeyd edək ki, 2020-ci ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.