Yuxarı

​Xaçmazdakı "Qafqaz Konserv Zavodu" fəaliyyətini dayandırıb

Azərsun Holdinq bunu mövsümə hazırlıqla əsaslandırır

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərsun Holdinq"in Xaçmaz rayonunda əsasən tərəvəz məhsullarının emalı ilə məşğul olan "Qafqaz Konserv Zavodu" MMC fəaliyyətini dayandırıb. 

"Report"a daxil olan məlumata görə, zavodda əməkdaşlara işin yenidən mayın 15-dən bərpa olunacağı bildirilib. Hazırda işsiz qalan zavod əməkdaşları bundan öncə belə bir vəziyyətin olmadığını qeyd edirlər.

Məsələ ilə bağlı "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov bildirib ki, mövsümlə əlaqədar olaraq hər il zavodda texniki normativ tələblərə uyğun sazlanma-baxım işləri aparılır: "Bizim emal etdiyimiz məhsullar 100% təbii məshullardan hazırlanır. Hazırda heç bir meyvənin mövsümü olmadığından 1 ay-40 gün zavodun həcmindən asılı olaraq karantin müddəti olur. Həmin dövr ərzində mövsümi hazırlıq işləri gedir, müəssisənin bütün mexanizmləri təmizlənir. Bir azdan pomidor mövsümü başlayacaq, ona hazırlıq gedir".

A.Səfərov əlavə edib ki, qəbul edilən qərara görə, daxili istehsalı artırmaq üçün zavod 24 saat fasiləsiz işləyəcək və hamıdan məhsul qəbul etməyə çalışacaq.

Qeyd edək ki, "Qafqaz Konserv Zavodu" MMC bazara mal əti konservləri, kompotlar, mürəbbələr, kürü, turşu, digər konserv məhsulları təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi