Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirilib

ASK
  • 07 avqust, 2025
  • 16:54
Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirilib

Xaçmaz rayonunda Aqrar Biznes və Şaftalı Festivalı təşkil olunub.

"Report"un Şimal bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə müvafiq rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bölgələrdə kənd təsərrüfatı və yerli məhsulların təşviqinə həsr olunmuş genişmiqyaslı məhsul festivalları davam edir.

Bu təşəbbüs çərçivəsində növbəti tədbir - Aqrar Biznes” və “Şaftalı Festivalı Xaçmaz rayonunda baş tutub.

Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə baş tutub.

Festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialının daha geniş ictimaiyyətə tanıdılması, yerli fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, eləcə də bölgənin aqroturizm imkanlarının inkişaf etdirilməsidir.

Tədbir çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını, xüsusilə də bölgəyə məxsus, dad və keyfiyyət baxımından seçilən şaftalı sortlarını sərgiləyiblər.

Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.

Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları yer alıb.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev rayonun kənd təsərrüfatı sahəsindəki potensialı və xüsusilə də şaftalıçılıq üzrə zəngin ənənələrindən bəhs edib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, belə festivallar aqrar sahədə müasir yanaşmaların təşviqi, təcrübə mübadiləsi və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
O, həmçinin vurğulayıb ki, bu platformalar gənclərin kənd təsərrüfatına olan marağını artırmaqla, aqrar innovasiya və texnologiyaların regionlara inteqrasiyasına da xidmət edir.

“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev qeyd edib ki, keçirilən şaftalı festivalı regionun kənd təsərrüfatı ənənələrinin, həmçinin gələcəyə baxışın və böyük hədəflərin göstəricisidir. O, yerli istehsalçıların inkişafının dövlətin aqrar sahəyə göstərdiyi davamlı dəstəyin sayəsində mümkün olduğunu vurğulayıb. A.Ağayev dövlət qurumları ilə birgə reallaşdırılan layihələrin yüksək texnologiyaların tətbiqini və ixrac bazarlarının genişləndirilməsini təmin etdiyini diqqətə çatdırıb.

Tədbirdə Milli məclisinin deputatı Əlibala Məhərrəmzadə, Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı da çıxışlarında festivalın məqsədlərindən bəhs ediblər.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi keçirilib. Panel müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, eləcə də banklar və bank olmayan kredit təşkilatları iştirak edib. Müzakirə zamanı subsidiya, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertfikasiya məsələləri və məşğulluq proqramları barədə iştirakçılar ətraflı məlumat verilib.

Festival çərçivəsində, eyni zamanda, fermerlər üçün “Torpağın aqrokimyəvi analizləri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə torpağın məhsuldarlığı və düzgün gübrələmə üsulları barədə praktik məlumatlar təqdim olunub.

Qeyd edək ki, cari ildə Xaçmaz rayonunda ümumilikdə 4 min 240 hektar şaftalı bağı əkilib. Onun da 1160 hektarı intensiv şaftalı bağlarıdır. Bu il hər hektarda məhsuldarlıq orta hesabla 60 sentner olub. Məhsul yığımı dövründə bağlardan 20 min ton şaftalı yığılıb.

Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər və turistlər üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor kompozisiyaları, kulinariya təqdimatları və dequstasiya guşələri festivala xüsusi rəng qatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti