Türkiyə və Gürcüstan Azərbaycana kartof tədarükünü 6 dəfədən çox artırıb
- 06 aprel, 2022
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 16 min 188 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,7 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə İrandan 2,51 milyon ABŞ dolları dəyərində 10 min 139 ton, Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində 4 min 311 ton, Ukraynadan 311,76 min ABŞ dolları dəyərində 1 min 039 ton və Gürcüstandan 174,51 min ABŞ dolları dəyərində 698,02 ton məhsul gətirilib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 39 % və 41 % azalıb, Türkiyədən – 6,6 dəfə və 6,6 dəfə artıb, Gürcüstandan – 6,4 dəfə və 6,2 dəfə artıb. Ötən ilin yanvar ayında Ukraynadan kartof alınmayıb.