“Zaqatala Çay” MMC-nin sədri: "Tədbir görülməsə, Zaqatala çayının təkcə adı qalacaq"

“Zaqatala Çay” MMC-nin sədri: "Tədbir görülməsə, Zaqatala çayının təkcə adı qalacaq" Azərbaycanda ənənəvi çayçılığın yenidən dirçəldilməsi üçün dövlət dəstəyinə ehtiyac var
ASK
17 İyul , 2017 20:36
“Zaqatala Çay” MMC-nin sədri: Tədbir görülməsə, Zaqatala çayının təkcə adı qalacaq

Bakı. 17 iyul. REPORT.AZ/ "Bir vaxtlar Azərbaycanda Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi ümumilikdə 65-70 ton olurdu. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşüb. İndi rayonun yalnız “Qazangöl” adlanan ərazisində plantasiya qalıb. Tədbir görülməzsə, dadına, tərkibinin zənginliyinə görə məşhur olan Zaqatala çayının təkcə adı qalacaq." 

"Report"un "Azərbaycan" qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Zaqatala Çay” MMC-nin sədri Abdulməcid Şabanov bildirib.

A.Şabanov Zaqatalada çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbini digər məqsədlər üçün istifadə edilməsi, digər səbəbini isə qalmış plantasiyaların “qocalması” ilə əlaqələndirib.

"Altmış il əvvəl əkilmiş çay kollarından yüksək məhsuldarlıq gözləməyin mənası yoxdur. Başqa bir səbəb suvarma ilə bağlıdır. Sahələrdə suvarma sistemi olmadığından məhsuldarlıq təbiətin ümidinə qalıb. Son illər müşahidə olunan anomal istilər bu bitkiyə də təsirsiz ötüşmür. Əvvəlki, xüsusən 2013-2016-cı illərdə yağışlı günlərin azlığı sözünü deyib. Çay kollarının xeyli hissəsi quruduğundan sıradan çıxıb. Qonşu Balakən və Qax rayonları ərazisində də çay plantasiyaları salınmışdı. Qaxda sahələr məhsuldar olmasa da, Balakəndə hər il 40 ton çay toplanırdı. 4 kq yaşıl kütlədən 1 kq quru çay alınmasını nəzərə alsaq, bu, təxminən 10 ton çay demək idi. Amma bu il yağıntıların miqdarının normal olduğunu nəzərə alsaq, 5 tona yaxın quru çayın istehsalı proqnozlaşdırılır”,- A.Şabanov bildirib.

Qeyd edək ki, hazırda Zaqatalada çayın qəbulu və emalı ilə yalnız “Zaqatala Çay” MMC məşğul olur. Halbuki əvvəllər bu işi iki müəssisə görürdü. 

Cəmiyyətin sədrinin sözlərinə görə, maliyyə təminatına ehtiyac var, uzunmüddətli güzəştli kredit ayrılarsa və dövlət dəstəyi olarsa, yenidən Zaqatala çayının şöhrətini qaytarmaq mümkündür: "Mütəxəssislərin hesablamalarına görə, 1 hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manat tələb olunur. 5-8 ilə isə məhsuldarlığa nail olmaq mümkündür. Göründüyü kimi, bizə elə də çox vəsait lazım deyil. Çayçılığın inkişafı eyni zamanda iş yeri deməkdir. Bir kq yaşıl çay kütləsinin toplanmasına 1 manat ödənilir. Ailə üzvləri ilə birlikdə dərim dövrü bir günə 100 kq çay təhvil verənlər var. Bu, ailənin bir gündə 100 manat qazanması deməkdir". 

Son xəbərlər

Orphus sistemi