Su problemi ilə əlaqədar Biləsuvar rayonunda günəbaxan sahələri kəskin azalıb.
Bu barədə "Report"un yerli bürosuna bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, son zamanlar suvarma suyuna tələbat tam ödənilmədiyi üçün Biləsuvarda günəbaxanın əkin hektarında 50 faiz azalma baş verib: "Bu mövsüm təsərrüfatlarımızda digər bitkilərlə yanaşı, günəbaxan da əkmişik. Lakin builki mövsüm ötən illərlə müqayisədə heç də uğurlu olmayıb. Əvvəllər daha çox bu məhsulu əkərdik. Bu il isə su ilə əlaqədar əkini azaltmışıq. Əvvəllər məhsuldarlıq 25-30 sentner olardı. İndi 15 sentner ancaq gözləyirik. Buna baxmayaraq, məhsul biçilir, hazırda qurutma işi aparılır. Biçin müasir aqreqatla həyata keçirilir. Əl əməyindən istifadə etmirik. Günəbaxan daha sərfəlidir, çünki bir-iki dəfə suvarmaqla məhsul götürmək olur".
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonun bir neçə kəndində 80 hektara yaxın sahədə məhsul yetişdirilib. Ötən il 145 hektar günəbaxan sahəsindən 20 sentnerə yaxın məhsul əldə edilib. Fermerlərə dövlət tərəfindən 34 min 944 manat subsidiya ödənilib. Aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha artıq olacağı gözlənilir.