Azərbaycan ixracyönümlü ölkə olaraq yeni və fəal biznes siyasəti ilə qlobal bazarda mövqeyini möhkəmləndirir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında bildirib.
"Azərbaycanda istehsal olunan məhsullar öz keyfiyyətinə görə rəqabətədavamlıdır və Azərbaycan qlobal bazarlarla ticarət əməkdaşlığını genişləndirmək istəyir. Biz ölkələrlə ticarətin asanlaşdırılması üçün hüquqi bazanın formalaşdırılmasına üstünlük veririk", - S. Cəfərov bildirib.
Nazir müavini qeyd edib ki, qlobal iqtisadiyyat yeni imkanlar və yeni çağırışlar gətirir:"İstehlakçı seçimlərinin dəyişdirilməsi aqrobiznesi yeni innovasiya sistemlərinin təşviqinə sövq edir. Bu mühit həm də hökumətə aqrobiznes və aqrar sənayenin inkişafı ilə məşğul olmaq üçün yeni fürsətlər yaradır. Bu baxımdan Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla bu sektoru çox cəlbedici etmək üçün çox səy göstərir. Azərbaycan kənd təsərrüfatına dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir. Aqrar sektor bütün növ vergi ayırmalarından azaddır. Fermerlər üçün dəstək məqsədi ilə müxtəlif subsidiya və kredit mexanizmləri mövcuddur. Ölkənin kənd təsərrüfatına subsidiya sistemi nəticəyönümlü şəkildə tərtib edilib".