Salyan və Lənkəranda zona müşavirələri keçiriləcək

Salyan və Lənkəranda zona müşavirələri keçiriləcək Tədbirlər heyvandarlığın inkişafı məqsədilə təşkil edilir
ASK
4 May , 2016 12:06
Salyan və Lənkəranda zona müşavirələri keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi bu gün Salyan rayonunda (Salyan, Biləsuvar, Neftçala və Cəlilabad rayonları üzrə), mayın 5-də isə Lənkəran rayonunda (Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçirəcək. Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Zona müşavirələrinin gündəliyinə zona baytarlıq laboratoriyalarının əhatə etdiyi rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat institutları və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək.

Müşavirələrdə heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Müşavirələrin sonunda innovativ təcrübənin nümayişi məqsədi ilə heyvandarlıq təsərrüfatlarına və yem bitkilərinin əkin sahələrinə səfərlər təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi