Bu gün Sabirabad rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, bu gün rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Rayon əhalisinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə istehsal müəssisələri yaradılır, fermerlərə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəlmiş müvafiq işlər aparılır.
AXA-nın sədri Mirzə Əliyev isə qeyd edib ki, Sabirabadda keçirilən toxum sərgi-satış yarmarkasına maraq böyükdür. Beş rayondan gəlmiş fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. Bu gün yarmarkada həm yerli, həm də xarici sort toxumlar nümayiş olunur. Fermerlər sertifikatlı toxumlara üstünlük verməlidirlər. Əkin materialı kimi sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 % artırır.
Növbəti yarmarka sentyabrın 2-də Cəlilabad rayonunda keçiriləcək.