Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi hazırda 4 milyard ABŞ dollarınadək yüksəlib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Moskvada Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Yeni Azərbaycan şərabı” layihəsi çərçivəsində təqdimatı zamanı ölkəmizin Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bildirib.
Azərbaycan məhsulları və şərabların sərgiləndiyi təqdimatda R. Əliyev xatırladıb ki, ölkəmizin Rusiyadaki ticarət nümayəndəliyi artıq 6 ildən çoxdur fəaliyyət göstərir.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamı ilə xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılıb: “Biz 2016-cı ildən fəaliyyət göstəririk və bu dövrdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib. Azərbaycan məhsullarının Rusiyaya ixracı 70 %-ədək, təxminən 600 milyon ABŞ dollarından 1 milyard dollaradək artıb”.
Ölkəmizdə üzümçülük və şərabçılığın tarixindən danışan ticarət nümayəndəsi qeyd edib ki, bu sahənin inkişafına Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda üzümçülüyün inkişafına dair” 2012-2020-ci illər Dövlət Proqramı təkan verib: “Ölkəmizdən Rusiyaya şərab ixracı 206,87 min dekalitr təşkil edib ki, bu da 4,39 milyon dollar gəlir deməkdir”.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müavini Asiman Həşimli isə Rusiyada təşkil olunan silsilə tədbirlərdə məqsədin xüsusilə Azərbaycan qeyri-neft məhsullarının bu ölkənin bazarına ixracının həcminin artırılması olduğunu vurğulayıb.
“Azərbaycan üzümçülüyünün təbliği istiqamətində bu il bir neçə tədbir keçirilib. Rusiya bazarı Azərbaycan məhsulları üçün geniş imkanlar açır və biz bu imkanlardan maksimal şəkildə yararlanmağa çalışırıq”, - deyə o bildirib.
Rusiyanın sərgi şirkətinin nümayəndəsi Artyom Demçenko isə nəzərə çatdırıb ki, Azərbaycanın istehsalçı şirkətləri Rusiyada təşkil olunan sərgilərdə geniş təmsil olunurlar: “Azərbaycan şirkətləri bizim sərgilərin flaqmanı olan “Word food Moscow” qida məhsulları sərgisinin fəal iştirak edir və keyfiyyətli məhsullar sərgiləyirlər”.
Təqdimatda həmçinin Azərbaycanda üzümçülüyə həsr olunmuş "Azərbaycan torpağının sərvətləri" filminin nümayişi də baş tutub.