Rusiya Azərbaycandan alma alışını 7 dəfədən çox artırıb
- 08 aprel, 2022
- 06:45
2022-ci ilin yanvar ayında Azərbaycan xaricə 2,54 milyon ABŞ dolları dəyərində 3 min 924 ton alma satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 5,1 dəfə artıb.
Rusiyaya 2,49 milyon ABŞ dolları dəyərində 3 min 844 ton, Qətərə 34,38 min ABŞ dolları dəyərində 36 ton, Qazaxıstana 9,32 min ABŞ dolları dəyərində 25,31 ton və Ukraynaya 2,89 min ABŞ dolları dəyərində 19,27 ton məhsul göndərilib.
2021-ci ilin ilk ayı ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 12 dəfə və 7,4 dəfə artıb, Qazaxıstana 83 % və 87 % azalıb. Ötənilki yanvarda Qətər və Ukraynaya alma satılmayıb.
Hesabat dövründə Azərbaycana alma ancaq Rusiyadan gətirilib. Həmin ölkədən 43,64 min ABŞ dolları dəyərində 55,75 ton məhsul alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 dəfə və 3 dəfə çoxdur.