Qurbanlıq qoyunların onlayn satışına maraq böyükdür

Qurbanlıq qoyunların onlayn satışına maraq böyükdür 31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub. Satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ü
ASK
31 İyul , 2020 18:56
Qurbanlıq qoyunların onlayn satışına maraq böyükdür

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub. Satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ünvanı əhatə edir.

Bu barədə “Report”a “Aqrar Tədarük və Təchizat” ASC-dən bildirilib.  

Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır.

Qurbanlıqların onlayn sifarişi www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçirilib. Belə ki, vətəndaşlar 31 iyul saat 00:00-dək portala daxil olaraq qurbanlıqlarını sifariş edib, satış məntəqələrindən onlayn növbələrini götürüblər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı özləri seçiblər. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndərilib. Bu bildiriş əsasında vətəndaşlar bu gün və sabah seçdikləri məntəqəyə yaxınlaşaraq növbə gözləmədən sifariş etdikləri qurbanlığı kəsilmiş formada əldə edə bilərlər.

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib.

Qeyd edək ki, qurbanlıq qoyunların kəsimi islami və sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla rəsmi icazəsi olan kəsimxanalarda həyata keçirilir. Xidməti personal tibbi qoruyucu vasitələrdən istifadə etməklə (əlcək, maska, baş geyimi və s.) fəaliyyət göstərir. Dünyada və ölkəmizdə mövcud koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə uyğun olaraq satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət edilir. Bu prosesdə Aqrar İnkişaf Könüllüləri Təşkilatının üzvləri də yaxından iştirak edir.

Son xəbərlər

Orphus sistemi