Qarabağın örüş-otlaq sahələrindən istifadə elektronlaşdırılacaq
- 27 noyabr, 2021
- 06:36
Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə örüş-otlaq sahələrindən istifadənin elektronlaşdırılması və İT avadanlıqlarının satınalınması üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 12-si, saat 18:00-a qədər Nazirliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80 (Hökumət Evi, 7-ci mərtəbə) ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, 1992-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın 20 %-ə qədər (1 milyon 670,3 min hektarı) ən məhsuldar torpaqları, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon (ondan Ağdam rayonu ərazisinin 73 %-i, Füzuli rayonu ərazisinin 79,3 %-i), Tərtər rayonunun 13 kəndi, Qazax rayonunun 7 kəndi, Naxçıvan MR-in 1 kəndi işğal edilmişdir. İşğal altinda olmuş ərazilərin 680,8 min hektarı kənd təsərrüfatına yararlı torpaqlardan, 10,7 min hektardan çoxu həyətyanı sahələrdən (bu torpaqlar da kənd təsərrüfatına yararlıdır), 247,3 min hektarı meşəliklərdən ibarətdir. Qalan 234 min hektardan artıq sahə sair torpaqlardır və hesab edilir ki, yerquruluşu qaydasında bu torpaqların yerdə uçotu aparılarsa, kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün kifayət qədər yararlı torpaq sahəsi müəyyən etmək mümkün olacaqdır.
İşğal altında olunmuş kənd təsərrüfatına yararlı torpaqların 207 min hektarı (30,4 %) əkinçilikdə, 54,7 min hektarı (8 %) çoxillik əkmələr altında, 380 min hektardan çoxu (55,9 %) heyvandarlığın inkişafında xüsusi əhəmiyyətə malik örüş-otlaq sahələri kimi istifadə oluna bilərdi. Örüş-otlaq sahələrinin əksəriyyəti yay otlaqlarının torpaqlarından ibarət idi. Çoxillik əkmələr altında olan torpaqların 37,8 min hektarı kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan üzümlüklərdən, 2 min hektardan çoxu meyvə bağlarından, qalanı isə baramaçılığın inkişafı üçün müstəsna əhəmiyyətə malik tut çəkilliyindən və digər çoxillik əkmələrdən ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 128,2 min hektarı, əkin torpaqlarının 80,5 min hektarı, çoxillik əkmələrin isə 38,2 min hektarı suvarılandır.
Otuz ilə yaxın işğal altında qalan ərazilərin ölkəmizin iqtisadiyyatına vurduğu zərər 100 milyard ABŞ dollardan artıq olub. 2020-ci ildə işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalı rayonunda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdam rayonunda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcər rayonunda heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçın rayonunda heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlı rayonundaheyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzuli rayonunda taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənd rayonunda heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşa rayonunda heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilan rayonunda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələri üzrə prioritetləri müəyyənləşdirmək mümkündür.