Qarabağda kənd təsərrüfatında dronlardan geniş istifadə olunacaq
- 05 oktyabr, 2021
- 12:47
“Azərbaycanda aqrar sahədə dronların istifadəsi ilə bağlı müsbət nəticələr əldə edilib”.
Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Tariyel Pənahov “Report”a bildirib.
Onun sözlərinə görə, dünyada aqrar sahədə dronlardan geniş istifadə edilir: “Bitki mühafizəsində, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasında, aqrotexniki qaydaların yerinə yetirilməsində, torpaq sahələrindən nümunələrin götürülməsində və digər əməliyyatların icrası zamanı aqrar sahədə dronlardan istifadə edilir. Azərbaycanda son bir-iki il ərzində dronlardan daha geniş istifadə edilməyə başlanılıb”.
T.Pənahov qeyd edib ki, dronlardan istifadə ABŞ, Çin, Türkiyə və digər ölkələrdə geniş tətbiq edilir: “Yaxın gələcəkdə ölkəmizdə dronlardan daha geniş miqyasda istifadəsi nəzərdə tutulur”.
O əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi Zəngilanda “Ağıllı kənd” layihəsinin həyata keçirilməsində dronlardan istifadəni nəzərdə tutur: “Nazirliyin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat instutlarına artıq dronlar verilib və profillərinə uyğun olaraq dronlardan istifadə ediləcək”.
T. Pənahov vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahədə süni intellekt sisteminin yaradılması nəzərdə tutulur: “Bu istiqamətində tədbirlər görülür. Süni intellekt sistemində dronlardan istifadənin genişləndirilməsi yer alıb”.