Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi yanında Kənd Təsərrüfatına Milli Dəstək Mərkəzi (KOWR) aprelin 25-də Polşa kənd təsərrüfatı məhsullarının Azərbaycana ixracı imkanlarını müzakirə etmək üçün tədbir keçirəcək.
"Report" bu barədə KOWR-a istinadən xəbər verir.
“KOWR tərəfindən aprelin 25-də Polşanın aqrar-ərzaq sektorunda fəaliyyət göstərən sahibkarlar üçün “Azərbaycan bazarına ixrac imkanları” adlı vebinar keçiriləcək. Burada Azərbaycanın Varşavadakı səfirliyinin, Polşanın Bakıdakı səfirliyinin, “Clever Logistic” logistika şirkətinin, Azərbaycanın “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri və başqaları iştirak edəcəklər”, - məlumatda qeyd edilib.
Eyni zamanda vebinar çərçivəsində Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Bartoş Musyaloviçin Azərbaycanda aqro-ərzaq bazarının müəyyən aspektləri haqqında çıxışı gözlənilir. Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi Mirzə Babayevin çıxışı Azərbaycanda biznesin aparılması məsələlərinə həsr olunacaq.
“Clever Logistic”in nümayəndəsi Vasilisa Deqterenko Polşadan Azərbaycana aqro-ərzaq məhsullarının tədarükünün təşkili məsələlərini, logistika və tədarük marşrutları, mümkün risklərlə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
“Azərbaycan daha bir ölkədir ki, bu bazar üçün Polşa ixracatçılarına mübarizə etməyə dəyər. Aqro-ərzaq sahəsinin potensialı nə qədərdir? Azərbaycandakı tərəfdaşlarla necə əlaqələr qurmaq olar? Yüklərin tədarükü variantları hansılardır? İxracatçı daşıma məsuliyyətini öz üzərinə götürməlidirmi? Risklər nələrdir və səhvlərdən necə qaçınmaq olar? Bütün bu suallar vebinar zamanı qaldırılacaq”, - “Clever Logistic”in nümayəndəsi V.Deqterenko bildirib.
Qeyd edək ki, KOWR - Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi idarə olunan bir dövlət qurumudur, kənd təsərrüfatı məhsullarının emalı sənayesində tanıtım vasitələri tətbiq edən əsas Polşa qurumudur. Mərkəzin məqsədi ərzaq məhsulları istehsal və ixrac edən Polşa istehsalçılarına dəstək olmaqdır.