Özbəkistanda Azərbaycan şirkətinin iştirakı ilə süd klasterinin yaradılması planlaşdırılır
- 02 iyul, 2025
- 11:28
Özbəkistanda Azərbaycan şirkəti "Milla Dairy"nin iştirakı ilə süd məhsullarının istehsalı üzrə klasterin yaradılması planlaşdırılır.
Bu barədə “Report” Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
"Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abdurahmanov Bakıda Azərbaycan şirkəti "Milla Dairy"nin (“Agro Dairy”) rəhbəri Niyazi Əmirbəyovla danışıqlar aparıb. Görüş zamanı tərəflər Cizak vilayətində müasir klasterin yaradılması layihəsini müzakirə ediblər. Layihənin məqsədi süd sənayesinin inkişafı, süd məhsulları istehsalının genişləndirilməsi, ölkənin aqrar sektoruna beynəlxalq təcrübə və müasir texnologiyaların tətbiqidir", - məlumatda qeyd edilib.
Nazirlikdən bildirilib ki, hazırda "Milla Dairy" Özbəkistanın süd məhsulları bazarını hərtərəfli öyrənir. Eyni zamanda şirkət müvafiq biznes planının hazırlanması ilə məşğuldur.
Tərəflər layihənin mərhələli şəkildə həyata keçirilməsi, investisiya şərtləri, texnoloji həllər, həmçinin əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə ediblər.