Yuxarı

​Ötənilki mövsüm kənd təsərrüfatı istehsalı üçün əlverişsiz keçib

Nəticədə ümumi taxıl, buğda, kartof, tərəvəz və şəkər çuğunduru istehsalı azalıb

Bakı. 4 fevral. REPORT.AZ/ 2014-cü ildə məhsul istehsalı üçün 1612,7 min hektar (çoxillik əkmələrsiz) sahə əkin altında istifadə edilib, bu da 2014-cü ilin əvvəlinin torpaq balansı üzrə 1723,9 min hektar əkin yerinin 93,6%-nə bərabərdir.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, əkin sahələrinin 1000,5 min hektarını və ya 62,0 %-i payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 165,7 min hektarını və ya 10,3 %-i kartof, tərəvəz və bostan bitkiləri, 43,7 min hektarını və ya 2,7 %-i texniki bitkilər (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s.), 402,7 min hektarını və ya 25,0 %-i yem bitkiləri təşkil edib. İstifadə edilməyən 111,2 min hektar sahə isə əkinlərin növbələşdirilməsinə uyğun olaraq dincə qoyulan və herik kimi becərilən sahələrdir.

2014-cü ildə mövcud 134,2 min hektar meyvə, 16,1 min hektar üzüm bağlarında və 904 hektar çay plantasiyalarında aqrotexniki qaydada becərmə işləri aparılıb.

Təsərrüfat ilində payızlıq və yazlıq əkin sahələrində lazımi aqrotexniki qulluq işlərinin aparılmasına baxmayaraq təbii iqlim şərtləri bitkiçiliyə, xüsusilə də ərzaq təhlükəsizliyi baxımından strateji sahə olan taxılçılığa mənfi təsir göstərib. 2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 991,0 min hektarda dən və yaşıl yem üçün payızlıq taxıl səpilib, onun da 637,5 min hektarını buğda, 353,5 min hektarını arpa təşkil edib.

2014-cü ildə 955,0 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulu yığılaraq, hər hektardan 22,8 sentner olmaqla cəmi 2179,3 min ton məhsul istehsal olunub. Yığılan ümumi taxıl sahəsinin 604,0 min hektarını buğda bitkisi təşkil edir ki, bu sahələrdən də cəmi 1446,5 min ton və ya hər hektardan 23,9 sentner buğda istehsal edilib. Eyni zamanda, 37,6 min hektar dən üçün qarğıdalı sahəsindən hər hektardan 54,1 sentner olmaqla 203,6 min ton məhsul yığılıb.

Bunlarla yanaşı, 61,7 min hektar kartof sahəsindən 819,3 min ton və ya hər hektardan 132,9 sentner kartof, 76,0 min hektar tərəvəz bitkiləri sahələrindən 1187,7 min ton və ya hər hektardan 155,5 sentner tərəvəz, 28,0 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 440,9 min ton və ya hər hektardan 157,3 sentner bostan, 11,7 min hektar dən üçün günəbaxan sahəsindən 20,3 min ton və ya hər hektardan 17,3 sentner günəbaxan, 1,1 min hektar tütün sahəsindən 2,9 min ton tütün yarpağı, 5,6 min hektar şəkər çuğunduru sahəsindən 175,1 min ton və ya hər hektardan 312,6 sentner şəkər çuğunduru, 22,9 min hektar pambıq sahəsindən 41,0 min ton və ya hektardan 17,9 sentner pambıq məhsulu yığılıb. İstehsalçılar tərəfindən 849,9 min ton meyvə məhsulları, 147,7 min ton üzüm və 474,2 ton yaşıl çay yarpağı istehsal edilib.

Ötənilki mövsümün kənd təsərrüfatı istehsalı üçün olduqca əlverişsiz keçməsi nəticəsində ötən il dekabrın əvvəlində 2013-cü ilin müvafiq dövrünə nisbətən ümumi taxıl istehsalı 20,9 %, o cümlədən buğda istehsalı 23,6 %, kartof istehsalı 17,5 %, tərəvəz istehsalı 3,9 %, şəkər çuğunduru istehsalı 7,5 % azalıb. Bunlarla belə, dən üçün günəbaxan istehsalı 11,8 %, ərzaq üçün bostan məhsulları istehsalı 2,6 % artıb.

2015-ci ilin yanvarın 1-i vəziyyətinə payızlıq əkinlər üçün 1017,0 min hektar sahədə şum qaldırılıb, 892,3 min hektarda dən və yaşıl yem üçün, o cümlədən 875,7 min hektar dən üçün payızlıq taxıl səpilib ki, onun da 537,2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edir. 2014-cü il yanvarın 1-i ilə müqayisədə şum qaldırılması 6,5%, dən üçün taxıl səpini 10,6 % azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi