Ötən il Qazaxıstan Azərbaycana 4,5 min tondan çox buğda ixrac edib
- 11 yanvar, 2023
- 12:02
Qazaxıstanın Aktau limanında yerləşən “Ak Bidai-Terminal” ASC-nin taxıl terminalı vasitəsilə yanvar ayında 84,272 min ton taxılın yüklənməsi razılaşdırılıb.
“Report” bu barədə Qazaxıstan mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu il üçün ümumi daşınma planı 400 min ton taxıl təşkil edir ki, bu da ötən illə müqayisədə bir qədər azdır.
2022-ci ildə taxıl terminalı vasitəsilə 400,425 min ton taxıl daşınıb. Bunun 169,351 min ton buğda və 226,558 min ton arpa İrana, 4,515 min ton buğda isə Azərbaycana göndərilib.
Xatırladaq ki, “Ak Biday–Terminal” 2002-ci ildə Qazaxıstan Prezidentin fərmanı ilə yaradılıb. 2007-ci ildə müəssisə modernləşdirilib. Terminal dünyanın aparıcı şirkətlərinin istehsalı olan yüksək texnoloji avadanlıqla yenidən təchiz edilib ki, bu da ötürücülük qabiliyyətini ildə 600 min tona çatdırmağa imkan verib.
Terminalda ümumi həcmi 22,5 min ton olan taxılın müvəqqəti saxlanması üçün 11 silos var.