Ölkədə buğdanın keyfiyyət və təhlükəsizlik göstəriciləri yüksəldilib
- 24 avqust, 2021
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş nazir Əli Əsədov “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
“Report” Nazirlət Kabinetinə istinadən xəbər verir ki, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 1, 2, 5 və 6 nömrəli yeni əlavələr edilib.
“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın bu tələblərinə əlavələr və dəyişiklik edilib:
- Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün tələblər, Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər, Dövlət Taxıl Fondundan istifadəyə buraxılan taxıl üçün tələblər, Dövlət Taxıl Fondunun yeniləşdirilməsi zamanı taxıl üçün tələblər.
Dəyişikliklərə əsasən, dənin naturası ilə bağlı 1-ci və 2-ci sinif buğdalar üçün 750 qlutendən (q/l) az olmamaqla qoyulan tələb ən azı 770 q/l qaldırılıb. Buğdanın şüşəvariliyinə 3-cü sinif buğda üçün qoyulan tələbə dəyişiklik edilib, belə ki, 3-4-cü sinif üçün məhdudlaşmır ifadəsi ən azı 40 %-lə əvəz edilib. Dənin nəmlik göstəricisi 13 %-dən çox olmamaqla ifadəsi, 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün - ən çoxu 13 %-lə əvəz edilib.
Ümumiyyətlə, Nazirlər Kabinetinin qərarı Dövlət Taxıl Fonduna tədarük olunan, saxlanılmağa qoyulan, Fonddan istifadəyə buraxılan və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün tələblərin yeni AZS 888:2020 “Buğda. Texniki şərtlər” dövlət standartına uyğunlaşdırılmasını özündə ehtiva edir.
Sənədin tətbiq edilməsi, taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradacaq.