Azərbaycanda kənd təsərrüfatında istifadə olunan, ümumi əkin və çoxillik əkmələr altında olan torpaq sahəsi 2,2 milyon hektardır, bunun isə 1,5 milyon hektarı suvarilan ərazidir.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı sektoru əsasən suvarılan torpaqlar üzərində perspektivini görür: "Kənd təsərrüfatının prioriteti ölkədə davamlı ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu da su resurslarından aslıdır. Bu gün dünyada iqlim dəyişikliyi su və torpaq resurslarına təsir göstərir, onları məhdudlaşdırır. Biz iqlimin şıltaqlığı ilə üz üzəyik, suyu məhdud olan ölkəyik. Çünki, Azərbaycanın su ehtiyatlarının 70 %-ə yaxını xaricdə formalaşır. Ona görə su təhlükəsizliyi bizim üçün gündəmdir. Bunun həllini sudan qənaətli və səmərəli istifadə görürük. Fermerlərə modern suvarma sistemlərinə keçidi təşviq edirik".