Azərbaycanda müasir texnologiyaların tətbiq edildiyi heyvandarlıq təsərrüfatlarının sayı artmaqdadır.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
"Artıq ölkədə bir neçə təsərrüfatda müasir yanaşmalar tətbiq edilir və bəhrəsini verir. Çünki burda innovativ texnologiyaların tətbiqi nəticəsində heyvanların yemləmə qabiliyyətini ölçmək, mal-qaranın sağlamlığını qorumaq mümkündür. Bütün bunlar isə yüksək məhsuldarlığa səbəb olur. Eyni zamanda, bu gün dünyada ekoloji durumla bağlı vəziyyət heyvandarlıq sahəsində də böyük problemlər yaradıb. Örüş-otlaq sahələrinin kəskin şəkildə azalması müşahidə edilir və bu, heyvandarlığa mənfi təsir edən amillərdəndir. Bu sahədə elmi yanaşma mütləq tətbiq edilməlidir”, - deyə o qeyd edib.
M.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda ilin bütün fəsillərində mal-qara üçün "yaşıl yem kütləsi"nin metodikası tətbiq edilir: "Bunun hesabına ölkədə ilin bütün fəsillərində mal-qaranı "yaşıl yem"lə təmin etmək mümkündür. Bu texnologiya ilə xüsusən sağmal heyvanları tələb olunan rasionda ilboyu yemləmək olur. Qısamüddətli təcrübələrimiz onu deməyə əsas verir ki, "yaşıl yem kütləsi" sağmal heyvanlarda südün məhsuldarlığını 12-15 faiz artırır, dölvermə qabiliyyətini daha da yüksəldir”.