Azərbaycanın aqrar sahəsinə, xüsusilə də qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirini neytrallaşdırmaq baxımından müasir dünyada uğurla tətbiq olunan innovativ yenilikləri mənimsəmək vacibdir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin açılış mərasimində deyib.
"Bu gün fəaliyyətə başlayan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir. Bu innovasiyaları təqdim edən xarici şirkətlərin sərgidə iştirak payının hər il daha da artdığını xüsusilə qeyd etmək istəyirəm. Ən müxtəlif ölkələrdən gəlmiş şirkətlər burada təkcə öz məhsullarını təqdim etmir, eyni zamanda yerli tərəfdaşlar tapmaq imkanı qazanırlar. Əminəm ki, “Caspian Agro-2023” sərgisi təkcə çoxsaylı aqrar innovasiyaların təqdimatı ilə deyil, həm də yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi, yeni əməkdaşlıqların qurulması ilə yadda qalacaq", - nazir qeyd edib.
M. Məmmədov bildirib ki, sayca 16-cı olan bu sərgi çox əlamətdar bir ilə təsadüf edir:"Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyətə başlayan sərgi də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Xüsusilə aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərimizin innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipləri barədə məlumatlı olması mühüm əhəmiyyət kəsb edir".
Nazir vurğulayıb ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ həllər məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadəyə imkan verməklə məhsulun maya dəyərinin azalmasına və fermerlərin daha çox gəlir əldə etməsinə rəvac verir: "Bu baxımdan regionun kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgisi hesab edilən “Caspian Agro”ya hər il olduğu kimi bu il də böyük maraq var. Ümidvarıq ki, keçirilən sərgi aqrar sahədə çalışanlara yeni texnika və texnologiyalarla tanış olmağa, təcrübə mübadiləsi aparmağa, qarşılıqlı faydalı işgüzar əlaqələr qurmağa imkan verəcək. Sevindirici haldır ki, sərgidə iştirak edəcək şirkətlərin 71 %-i xarici şirkətlərdir".
O əlavə edib ki, sərgilərdə kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyaların, texnikaların, müasir suvarma sistemlərinin nümayişi nəzərdə tutulur: "İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, İT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə biləcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunacağı pavilyonda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş stend də quraşdırılıb. Pavilyonda nazirliyin elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, startap müsabiqələrin qaliblərinin təqdim etdiyi məhsul və aqrar həllər, "yaşıl enerji" mənbələrinə dair qurğu və məhsullar nümayiş olunacaq. Bu il keçirilən sərgilərdə “Caspian Agro Green-2023” adı altında ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlər iştirak edəcəklər".