Nazir müavini: "Xarici investorlar aqrar sahəyə o qədər də maraq göstərmir"

Nazir müavini: "Xarici investorlar aqrar sahəyə o qədər də maraq göstərmir" Azərbaycanda daşınar əmlakın girov kimi qəbul edilməməsi aqrar sahənin inkişafını ləngidir
ASK
12 Aprel , 2017 11:57
Nazir müavini: Xarici investorlar aqrar sahəyə o qədər də maraq göstərmir

Bakı. 12 aprel. REPORT.AZ/ "Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafına əlavə dəstək tədbirləri müəyyən edilib. Bu sənəd maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması məsələlərinin konkret şəkildə həllinə yönəldilib. Hesab edirəm ki, bu sənəd fermerlərin fəaliyyətinə böyük dəstək olacaq".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib: "2016-cı ilin sentyabr ayında fermerlərin bu sahədə ehtiyaclarını daha dolğun şəkildə qarşılamaq üçün Almaniyanın maliyyə və menecmentlik məktəbi ilə xüsusi müqavilə imzaladıq. Bundan sonra bu sahədə mövcud problemlərin araşdırılmasına başladılar və bizə həll yolları təqdim edildi. Bütövlükdə, aqrar sahə bütün dünyada ən riskli sahədir və kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir. Azərbaycanda da banklar, kredit təşkilatları tərəfindən son 10 ildə bu sahəyə kreditlərin həcmi 5 dəfədən çox artırılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ildə 2005-ci ilə nisbətdə 18,1 dəfə çox maliyyə vəsaiti ayrılıb".

"Amma bu kifayət deyil. Bu sahəyə ayrılan vəsaitlər əsasən dövlət hesabına həyata keçirilir, xarici investorlar isə aqrar sahəyə o qədər də maraq göstərmir. Bu, aqrar sahənin təkcə riskli olması ilə bağlı deyil. Eyni zamanda, burada ayrı-ayrı kredit alətlərinin mexanizmlərinin tətbiqi məhdudiyyəti ilə bağlılıq var. Çünki aqrar sahədə daşınar əmlakın girov kimi qəbul edilməsinə dair beynəlxalq təcrübə Azərbaycanda hələlik tətbiq edilmir. Bununla bağlı ciddi təhlillər aparmışıq, mexanizmlər və təkliflər hazırlamışıq. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur. Hesab edirəm ki, dövlət başçısının imzaladığı sənədin icrası zamanı Maliyyə Şurası bizim də təklifləri nəzərə alacaq. Bunun da fermerlərin maliyyə mənbələrinə çıxışının asanlaşması imkanlarını genişləndirəcəyini düşünürəm", - deyə S.Talıbov qeyd edib.

Son xəbərlər

Orphus sistemi