Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq

Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq “Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq”.
ASK
20 Oktyabr , 2023 02:18
Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq

“Naxçıvanda ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, ötən ilin payızlıq, cari ilin yazlıq əkinləri üzrə, ümumilikdə, 21 min 247 hektar sahə taxıl əkinləri həyata keçirilib: “Taxıl əkinləri üzrə 19 min 797 hektar sahədə biçin aparılıb, 1 450 hektarda biçin aparmaq mümkün olmayıb. Biçin aparılmamasının səbəbləri isə istehsalçıların düzgün olmayan toxumlardan istifadə etməsi, aqrotexniki qulluq qaydalarına düzgün riayət olunmaması, eyni zamanda quraqlığın təsiridir. Bu ildən etibarən bütün istehsalçılarla taxıl əkinləri üzrə vaxtında şumun qaldırılması, əkinin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarının göstərilməsi haqqında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər davam edir. Eyni zamanda istehsalçıların tələbatlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, eləcə də gübrələrin verilməsi təmin olunub. Cari ildə isə dövlət dəstəyi hesabına toxumluq buğdaların gətirilməsi də reallaşdırılıb.

Keçən il də bizim istehsalçıların çoxu sertifikatı olmayan dərmanlanmamış toxumlardan istifadə edib. Təbii ki, bu kimi toxumlarda immunitet aşağı olur, zərərli orqanizmə, iqlimə qarşı davamsızdır və nəticə etibarilə məhsuldarlıq aşağı düşür. Keçənilki əkinlər üzrə, ümumilikdə, 49 min tondan çox taxıl əldə edilib və orta məhsuldarlıq 24,9 sentner olub. Hazırda gətirilən toxumlar sertifikatlıdır, dövlət reyestrinə alınıb və Azərbaycanın digər bölgələrində, eləcə də muxtar respublikanın müvafiq rayonlarında sınaqdan keçirilib. Təcrübədə istifadə olunur və yaxşı nəticələr əldə edilir”.

Nazir müavini bildirib ki, hazırda gətirilən buğda sortu “Alekseiç”dir: “Keçən il muxtar respublikanın müxtəlif bölgələrində əkini həyata keçirilib və xüsusilə Şərurda yaxşı nəticələr verib. Bu mövsümdə də həmin toxumun istifadəsi nəzərdə tutulur və buğda ilə yanaşı, arpa toxumu təminatı da yaradılıb.

Muxtar respublikada ilk dəfə taxıl istehsalçıları dövlət dəstəyi hesabına həmin toxumlardan istifadə edib, əkinlərini həyata keçirəcəklər: – Təbii ki, biz muxtar respublikada bu il biçin aparılarkən istehsalçılara tövsiyə etmişdik ki, biçindən sonra dərhal şum qaldırma işləri aparılsın, aqrotexniki qulluq qaydaları göstərilsin”.

X.Dadaşovanın sözlərinə görə, istehsalçılara dövlət dəstəyinin göstərilməsi kənd təsərrüfatının inkişafına təkan verən amillərdən biridir: “Dövlət dəstəyi hesabına hazırda muxtar respublikada həm süni mayalanma yolu ilə alınan buzovlara, o cümlədən 2018-ci ildən fəaliyyət göstərən arıçılıq təsərrüfatlarına hər arı ailəsinə görə subsidiyaların verilməsi istiqamətində işlər həyata keçirilir. Aqrar Subsidiya Şurası tərəfindən sənədləri qaydasında olan, komissiya tərəfindən işi yekunlaşdırılan həm arıçı təsərrüfatçılarına, həm də süni mayalanma yolu ilə alınan buzovların sahiblərinə subsidiyaların verilməsi haqqında qərar artıq qəbul olunub.

Bəzi rayonlarda həmin buzovların, eyni zamanda arıçılıq təsərrüfatlarının sənədləri tam hazırlanıb təqdim olunmayıb və onların da sənədləri hazır olanda subsidiyaları təmin ediləcək”.

Son xəbərlər

Orphus sistemi