Nazir: “Azərbaycan “2030 Gündəliyi”ni dəstəkləyən ilk ölkələrdən biri olub”

Nazir: “Azərbaycan “2030 Gündəliyi”ni dəstəkləyən ilk ölkələrdən biri olub” Azərbaycan BMT-nin Qida Sistemiləri Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün “2030 Gündəliyi”nin icrasına dəstək verən ilk ölkələrdən olub.
ASK
28 İyul , 2023 13:13
Nazir: “Azərbaycan “2030 Gündəliyi”ni dəstəkləyən ilk ölkələrdən biri olub”

Azərbaycan BMT-nin Qida Sistemləri Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün “2030 Gündəliyi”nin icrasına dəstək verən ilk ölkələrdən olub.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə bildirib.

O, Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu deyib. Nazirin sözlərinə görə, ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı aqrar siyasətin prioritet istiqamətlərindəndir.

V. Andreyeva Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-nin Qida Sistemləri Sammitində fəal iştirakının təqdirəlayiq olduğunu vurğulayıb. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.

M.Məmmədov, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb. O, kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Bu ərazilərdə aqrar sahənin inkişafı, bu istiqamətdə fermerlərə dəstəyin göstərilməsi, “yaşıl enerji” və xəstəliklərdən azad zonaların yaradılması, ixrac potensiallı məhsulların istehsalının artırılması, ixracın şaxələndirilməsinin prioritet istiqamətlərdən olduğu qeyd olunub. Bu istiqamətlərdə FAO ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

M.Nasar isə öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi