Naxçıvan duzunun istehsal və ixrac imkanları artırılır.
“Report”un yerli bürosu xəbər verir ki, ölkəmizin əsas brendlərindən sayılan Naxçıvan duzunun ixrac imkanlarının genişləndirilməsi gündəmdədir.
Həm süfrələrin bəzəyi kimi, həm də müalicəvi əhəmiyyəti ilə ad qazanmış bu brendin daha keyfiyyətlə istehsal edilməsi və ixrac imkanlarının genişləndirilməsi məqsədilə mühüm addımlar atılır. Hazırda tikintisi yekunlaşdırılan yeni Duz İstehsalı Müəssisəsi də bu addımlardan biri kimi daha geniş istehsal və ixrac imkanlarına zəmin yaradacaq.
Duzdağda aparılan axtarış və kəşfiyyat işlərindən sonra, duz ehtiyatı 15 milyon ton olan yeni şaxta qazılıb. Mədənin günlük istehsal gücü sifarişə uyğun olaraq 50-60 ton, illik isə 22 min tona yaxındır. Duzun istehsal və satış həcmini artırmaq məqsədilə mədən yaxınlığında yeni müəssisə qurulub. Burada tikinti-quraşdırma işləri yekunlaşıb, yeni avadanlıqlar alınıb. Hazırda müəssisədə son tamamlama işləri aparılır. Müəssisənin istifadəyə verilməsi ilə onarla yeni iş yeri də açılacaq.
Müəssisənin ümumi ərazisi 15 min kvadratmetrdir. Burada tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb, lazımi şərait yaradılıb. Müəssisə istifadəyə verildikdən sonra burada ildə 15 min ton saflaşdırılmış duzun istehsal olunması nəzərdə tutulub. Naxçıvan duzunun istehsal həcminin və keyfiyyətinin artırılması onun ixrac imkanlarını da genişləndirəcək.
Qeyd edək ki, Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan duzu dəmir yolu vasitəsi ilə ölkə və dünya bazarına rahatlıqla çıxarıla biləcək.