Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəki, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, ixtisasa uyğun işlə təmin edilmə, dövlət qulluğuna qəbul qaydaları, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması, pay torpağının zəbt olunması, təsərrüfat suyu ilə təminat, pambıq şirkətlərinin müqavilə bağlamaması və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Daha sonra M.Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.
Saatlı DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.