Məcnun Məmmədov: "Məqsəd təkcə istehsalın artımı deyil, həm də resurslardan səmərəli istifadədir"
- 16 oktyabr, 2026
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kənd təsərrüfatında məqsəd təkcə istehsalın həcmini artırmaq deyil, həm də resurslardan səmərəli istifadə etməkdir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Ümumdünya Ərzaq Günü 2026" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ötən il dünyada 645 milyon insan aclıqdan əziyyət çəkib, 2 milyard insan isə sağlam qidalanmanı maddi baxımdan təmin edə bilməyib: "Əlbəttə ki, bu göstəricilər qlobal ərzaq təhlükəsizliyinin hələ də ciddi çağırışlarla qarşı-qarşıya olduğunu bizim hər birimizə göstərir. Məqsədimiz yalnız istehsalı artırmaq deyil, eyni zamanda resurslardan səmərəli istifadə etmək, dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır. Bu gün kənd təsərrüfatı ənənəvi istehsal sahəsi olmaqla yanaşı, elm, innovativ texnologiyalar, məlumatlar, maliyyə imkanları və səmərəli idarəetmənin birləşdiyi mühüm iqtisadi fəaliyyət sahəsidir. İnnovasiyalar elmi tədqiqatlardan real təsərrüfata tətbiq olunduqda fermerlərin üzləşdiyi çətinliklərin həllinə və gəlirlərin artmasına xidmət etdikdə öz həqiqi dəyərini göstərir".
Nazir qeyd edib ki, Azərbaycan aqrar sektorun inkişafına məhz bu yanaşma ilə istiqamət verir:"Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində imzаladığı "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sahənin növbəti inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyən edir".