İndiyə qədər Azərbaycan özünü etibarlı tərəfdaş ölkə kimi göstərib.
"Report" xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.
"Son illərdə baş verən regional proseslər yaddaşlarımıza çətin dövr kimi həkk olunub. Bu illər ərzində dünya öz sağlamlığı, ərzaq və milli təhlükəsizliyi üçün güclü mübarizə aparırdı ki, bu da əsasən qlobal həmrəyliyi vacib edirdi. Bu çətin şəraitdə Azərbaycan tərəfdaş ölkələrə hər cür dəstək verməklə özünü etibarlı tərəfdaş ölkə kimi göstərib. Azərbaycan bu prinsipdən çıxış edərək öz öhdəliklərini hər zaman yerinə yetirəcək və yenə də dost ölkələrə hər cür dəstək verəcək. Bolqarıstana gəlincə isə, bizim bu ölkə ilə 30 ildən artıq tarixi olan, uğurla qurulmuş, strateji əməkdaşlıq formasını almış diplomatik əlaqələrimiz var", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl bərpa" prinsipləri və ağıllı konsepsiyalar əsasında genişmiqyaslı yenidənqurma işləri aparılır.
"Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə və tarixi ədaləti bərpa etməklə torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyub. İşğal zamanı Azərbaycanın şəhər və kəndləri, o cümlədən mədəni və dini irs obyektləri yer üzündən silinib. İndi qarşıdakı illər üçün əsas məqsəd həmin ərazilərin bərpası və yenidən qurulmasıdır", - deyə nazir əlavə edib.