Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Astara, Biləsuvar, Cəlilabad, Füzuli, İmişli, Hacıqabul, Lerik, Lənkəran, Masallı, Neftçala, Şamaxı, Şəki və digər rayonlardan, eləcə də Bakıdan olan vətəndaşları qəbul edib,
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyasının verilməsi, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Nazir dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Astara DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.