Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla aqrar sektoru investorlar üçün cəlbedici etmək üçün müxtəlif istiqamətlərdə iş aparır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər" mövzusunda panel müzakirələrində bildirib.
"Bu baxımdan dövlət sektora subsidiyalar ayırır, kənd təsərrüfatı texnikalarını lizinqə verir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bütün bunların nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursa uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir. Çünki, innovasiyalar hesabına məhsuldarlıq dəfələrlə artır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, bununla da fermerlər daha çox gəlir əldə etmiş olurlar. Dövrümüzün tələblərinə uyğun olaraq rəqəmsal kənd təsərrüfatının inkişafı prioritet olmaqdadır. İstifadəyə verilmiş Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi şəffaflıq prinsipi əsasında fermerlərə istənilən yerdə və istənilən vaxt mobillik ilə bütün aqrar xidmətlərə asan çıxış imkanı yaradır. Müasir metodlara əsaslanan elektron xidmətlər aqrar sahədə zaman itkisinin qarşısını almaqla yanaşı fermerlərə operativ xidmət göstərir", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurumun əsas məqsədi milli ərzaq sistemlərinin inkişafı, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, ticarətin inkişafı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır: "Hazırda ölkəmiz kənd təsərrüfatı sektoruna göstərilən dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir. Sektor bütün növ vergi ödəmələrindən azad olunub. Fermerlərə dəstək üçün müxtəlif növ subsidiya, güzəşt və kredit mexanizmləri mövcuddur.Ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafında beynəlxalq əməkdaşlığın rolu böyükdür. Bu baxımdan Türkiyə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır".
O əlavə edib ki, bu il Bakıda Türk Dövlətləri II Aqrobiznes Forumu keçirilib: "Forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən Türkiyənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. Bu görüşlərdə kənd təsərrüfatının bütün sahələri üzrə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər görülməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın aqrar sığorta sistemi Türkiyənin TARSİM modeli əsasında qurulub, təkmilləşdirilməkdədir. Sığorta sistemi itkilərin aradan qaldırılması, istehsalın davamlılığı və qida zəncirində neqativ halların qarşısının alınmasında əsas vasitələrdən və alətlərdən biridir. Azərbaycanda aqrar sahədə əməkdaşlıq üçün perspektiv imkanları və əlverişli investisiya mühiti var. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə aqrar sahədə ixtisaslaşmış onlarla türk şirkəti iştirak edir. Festivallarda və sərgilərdə türk şirkətləri istehsal etdikləri müasir suvarma texnologiyalarını, gübrə, toxum və tingləri, istixana təsərrüfatı avadanlıqlarını nümayiş etdirirlər. Biz bu istiqamətdə şirkətlərin cəlb edilməsində və hər iki ölkənin özəl sektorlarının birgə fəaliyyətinin genişləndirilməsini dəstəkləyir və səylər göstəririk".