Lerikdə çəyirtkələr taxıl sahələri üçün təhlükə yaradıb

Lerikdə çəyirtkələr taxıl sahələri üçün təhlükə yaradıb Lerik rayonunun bəzi ərazilərində Mərakeş çəyirtkəsinin yayılması taxıl sahələri üçün təhlükə yaradıb.
ASK
1 İyun , 2023 11:45
Lerikdə çəyirtkələr taxıl sahələri üçün təhlükə yaradıb

Lerik rayonunun bəzi ərazilərində Mərakeş çəyirtkəsinin yayılması taxıl sahələri üçün təhlükə yaradıb.

“Report”un Cənub bürosunun məlumatına görə, çəyirtkə sürüləri rayonun Blaband kənd ərazi dairəsinə daxil Barzavu və Ambu kəndlərində yayılıb.

Bu isə 100 hektarlarla taxıl və əkin sahələri üçün yaranan təhlükəyə çevrilib.

Sakinlərin sözlərinə görə, 10 gün əvvəl örüş sahələrində böcək yayıldığı üçün bitki mühafizəsi idarəsinə məlumat verilib.

Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və bu zaman əkin sahələrinin yaxınlığında Mərakeş çəyirtikələrinə rast gəlinib.

Artıq ərazidə yerli sakinlərin də köməyindən istifadə olunmaqla dərmanlama işlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov çəyirtkələrin əkin sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı mübarizə tədbirlərinə başlanıldığını bildirib.

Onun sözlərinə görə, mübarizə tədbirləri xüsusi avtomobillərə quraşdırılan ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

C.İbrahimov qeyd edib ki, Mərakeş çəyirtikələrinin bu ərazidə yayılmasının səbəbi isə keçən ilki nəsildən olan yetkin fərdlərin miqrasiya edərək gəlib bu ərazidə yumurta qoyması və artmasıdır: "Müşahidə nəticəsində buradakı çəyirtkələrin 2–3 yaşlarında olduğu müəyyənləşib. Onların ən təhlükəli dövrü isə 5 yaşından sonra başlayır. Onlar əsasən 5-6 yaşdan sonra, yəni qanad əmələ gətirdikdən sonra uzaq məsafələrə uçaraq miqrasiya edirlər. Həmin bu çəyirtikələr miqrasiya edən çəyirikə növüdür”.

Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda 50 hektara yaxın əkin sahəsində ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi