Yuxarı

Astarada “Kütləvi çıxarış” kampaniyası keçirilib

Kampaniyadan 100-ə yaxın rayon sakini faydalanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını bu gün Astara rayonunda keçirib. Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, “bir pəncərə” prinsipi əsasında həyata keçirilən kampaniyadan ümumilikdə 100-ə yaxın rayon sakini faydalanıb.

Sosial kampaniya çərçivəsində vətəndaşlara onların mülkiyyətinə dair çıxarışlar birbaşa ünvanlarda komitənin bu kampaniyanı həyata keçirmək üçün ayrılmış nəqliyyat vasitələrində verilib.

Mobil ofislər (xüsusi nəqliyyat vasitələri) vasitəsilə təşkil olunan “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini şəhər, qəsəbə və rayonlarda, eləcə də, ucqarlarda, mərkəzlərdən uzaq məntəqələrdə vətəndaşların ünvanına aparır.

Qeyd edək ki, kampaniya çərçivəsində pay torpaqları, mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.

Komitə “Kütləvi çıxarış” kampaniyasını qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdirəcək. Bugünədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi