KOBİA aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələləri açıqlayıb

KOBİA aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələləri açıqlayıb Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsi
ASK
28 Fevral , 2023 13:29
KOBİA aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələləri açıqlayıb

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir.

"Report " xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycan Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

"Heç şübhəsiz ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcəkdir", - deyə O.Məmmədov bildirib.

KOBİA rəhbəri bildirib ki, ölkəmizdə aqrobiznes sahələrinin inkişafı üçün daha əlverişli mühitin formalaşması sosial-iqtisadi inkişaf siyasətinin prioritet vəzifələrindən biridir: "Müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir".

O.Məmmədov əlavə edib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin də daha çox fəaliyyət göstərdiyi sektorlardandır: "Bu səbəbdən aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək tədbirlərinin həyata keçirilməsi KOBİA-nın da fəaliyyət gündəliyinə daxildir. KOBİA aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlamaqla, bu sahənin nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkədə rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. İstehsal, emal və satış istiqamətlərində aqrobiznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları risklərə və çətinliklərə dair mütəmadi olaraq maraqlı tərəflərlə görüşlər keçirilir, müzakirələr aparılır".

Son xəbərlər

Orphus sistemi