Yuxarı

​Kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 7% təşkil edib

Qaramal 6,4 min baş, qoyun və keçi isə 98 min baş artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsinin 914 min hektarı biçilib və həmin sahələrdən 2782,4 min ton məhsul götürülüb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 28,5 min hektar dən üçün qarğıdalı sahəsindən 168,2 min ton məhsul götürülüb.

Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 822,3 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 min ton çox kartof, 1172,7 min ton (47,7 min ton çox) tərəvəz, 481,5 min ton (41,6 min ton çox) bostan məhsulları, 533,4 min ton (1000 ton çox) meyvə və giləmeyvə, 111,7 min ton (5,6 min ton çox) üzüm, 556,5 ton (152,3 ton çox) yaşıl çay yarpağı, 40,8 min ton (11,7 min ton çox) şəkər çuğunduru, 2819,6 ton (585,9 ton çox) tütün yarpağı yığılıb.

Sahələrdən 14,3 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib, 18,8 min ton dən üçün günəbaxan yığılıb. Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2703,9 min baş qaramal və 8743,4 min baş qoyun və keçi mövcud olub. 2015-ci il yanvarın 1-i ilə müqayisədə qaramal 6,4 min baş, qoyun və keçi isə 98 min baş artıb. 2015-ci ilin yanvar-sentyabr aylarında 331,4 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 2% çox diri çəkidə ət, 1469,5 min ton (3,8% çox) süd, 1157,4 mln. ədəd (0,6% az) yumurta, 16,5 min ton (1,6% çox) yun istehsal olunub.

Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,4%, heyvandarlıq məhsulları istehsalının 2,5% artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,7% təşkil edib.

2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 11831,2 mln. manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 7206,4 mln. manatı və ya 60,9%-i məhsul istehsalı obyektlərinin, 3822,9 mln. manatı (32,3%) xidmət sahələri üzrə obyektlərin, 801,9 mln. manatı (6,8%-i) isə ümumi sahəsi 1327,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6862,9 mln. manatını və ya 58,0%-ni daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 8760,2 mln. manat təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2003-cü ilin IV rübündən bu günə qədər ölkədə 1452,4 min yeni, o cümlədən 1078,5 min daimi iş yeri yaradılıb. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 215,2 min yeni, o cümlədən 172,7 min daimi iş yeri açılıb. 2015-ci ilin 9 ayı ərzində isə ölkədə yaradılmış yeni iş yerlərinin sayı 87,9 min, o cümlədən daimi iş yerlərinin sayı 67,6 min olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi