Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələri təsdiqlənib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında Əsasnamə” və “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmçinin bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi