Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatında heyvandarlıq üçün ən əlverişli bitki hesab edilən soyanın Azərbaycanda geniş istehsalı təşkil olunacaq.
"Report"un xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Nazir müavini qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi yemçilik, xüsusilə də quşçuluq sahəsində yem tədarükünün həcminin artırılması məqsədilə konkret tədbirlər həyata keçirməyə başlayıb: "Ölkədə yemçilik, əsasən də quşçuluq sahəsində yemə olan tələbatın daha dolğun şəkildə ödənilməsi, habelə kifayət həcmdə yem istehsalını təşkil etmək üçün soya bitkisinin istehsalının həcminin artırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi artıq konkret tədbirlər həyata keçirir".
Onun sözlərinə görə, ölkədə yemə olan tələbatın ödənilməsi və yerli istehsalın təşkil edilməsinə dair Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı tapşırıqlar verib.
S.Talıbov növbəti ildə bu istiqamətdə konkret nəticələrin olacağına ümid etdiyini qeyd edib.