Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Masallı rayonunda “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə qurumun aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və digər işlər barədə ətraflı məlumat verib.
Tədbirdə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub. Heyvandarlığın inkişafı şöbəsində hazırlanan “Təsərrüfatda mövcud olan heyvanlar üzrə yem rasionunun hesablanması və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair metodik göstəriş” barədə müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirədə həmin rayonlarda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdırqları çətinliklər və bunların aradan qaldırılması yolları müzakirə edildi, ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin Respublika Süni Mayalanma Mərkəzində çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar nümayiş edilib.
Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssisləri üçün Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin binasında Elektron Kənd Təsərrüfatı Sistemində heyvanların qeydiyyatına dair təlim keçirilib.