Kənd Təsərrüfatı Nazirliyi Cənub bölgəsinə media-tur təşkil edib - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi Cənub bölgəsinə media-tur təşkil edib - REPORTAJ Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi Masallı və Lənkəran rayonlarına media-tur təşkil edib.
ASK
126
28 Noyabr , 2018 12:27
Kənd Təsərrüfatı Nazirliyi Cənub bölgəsinə media-tur təşkil edib - REPORTAJ
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 27-də  Kənd Təsərrüfatı Nazirliyi Masallı və Lənkəran rayonlarına media-tur təşkil edib.

“Report” xəbər verir ki, prosesdə iştirak edən jurnalistlər ilk öncə nazirliyin Masallıdakı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışında iştirak ediblər, daha sonra isə Lənkərandakı 3 plantasiyaya baş çəkiblər. 

"Dünya bazarına məhsul çıxarmaq istəyirik"

Feyxoa və kivi yetişdirməklə məşğul olan keçmiş müəllimə Rəftarə Şükürova bildirir ki, bu iş onun üçün dərs demək qədər əzizdir: “32 il ibtidai sinif müəlliməsi olmuşam, son 10 ildə isə bu bağa qulluq etmişəm. Əvvəl uşaqları yetişdirib tərbiyə edirdim və onların uğurlarını görəndə sevinirdim. İndi isə bu bitkiləri böyüdürəm, onların məhsuldarlığını görəndə sevinirəm. Ərazi ailəmizindir. Bura böyük yatırım etmişik. 30 nəfərin işlədiyi təsərrüfatımız 13 hektar ərazini əhatə edir. Onun 6 hektarında feyxoa bağı, 3,5 hektarında kivi, 3 hektarında taxıl əkmişik. Qalan 0,5 hektar ərazidə isə müxtəlif meyvə ağacları var. Gələcəkdə taxıl əkdiyimiz hissədə də meyvə bağı salmaq niyyətindəyik". 

R.Şükürovanın sözlərinə görə, daxili sevgi olmasa bu bağı saxlamaq çətindir. Bütün günü həvəslə işləyən fermer məhsulunu xarici bazara çıxarmaq haqda düşünür:"Gələcəkdə dünya bazarına məhsul çıxarmaq istəyirik. Avropa ölkələrində, hətta qonşu Türkiyədə və İranda feyxoanı tanımırlar. Bu il daxili bazarda qiymət aşağı olduğu üçün bağa qoyduğumuz pul götürə bilmədik. İlin əvvəlindən bəri 35 ton feyxoa yığmışıq. Kivi yığımı isə hələ başlamayıb, amma keçən il bağlardan 8 tona yaxın kivi götürmüşdük. Təsərrüfatı inkişaf etdirmək, məhsulları satmaq üçün ABAD-a da müraciət etmişik, söz veriblər ki, kömək edəcəklər". 

"Azərbaycan bu meyvənin yetişdirildiyi 5 ölkədən biridir"

Hallabonq yetişdirməklə məşğul olan aqranom Xalıq Talıbov isə bildirir ki, Azərbaycan bu meyvənin ərsəyə gətirildiyi 5 ölkədən biridir: "Dünyada daha 4 ölkədə - ABŞ, Fransa, Yaponiya və Cənubi Koreyada hallabonqa rast gəlmək mümkündür. Bu meyvə xaricdə dekapon, siorami və sumu adı ilə məşhurdur, ilk dəfə 1972-ci ildə Yaponiyada mandarindən calaq yolu ilə alınıb və əkilməyə başlayıb. Onun diametri 8-10 sm, çəkisi isə 350-500 qramdır". 

Fermerin sözlərinə görə, onun bağında 10 hektar ərazidə 3 791 ədəd hallabonq ağacı əkilib: "Ölkədə bu nadir bitkiyə tələbat var. Mendeliyev cədvəlinə daxil olan bütün elementlər onun tərkibində mövcuddur. Əkildikdən 2-3 sonra hallabonq ağacı məhsul verməyə başlayır. Yeri yaxşı olsa, normal qulluq edilsə il ərzində 4-5 dəfə məhsul götürmək mümkündür. Hazırda hər ağacın məhsuldarlığı 30-40 kq-dır. 10 ilə məhsuldarlıq 250 kq-a çatır. 1 kq məhsulun qiyməti 5-10 manat civarındadır. Bu yaxınlarda müqavilə imzalamşıq, məhsullarımız Rusiya bazarlarına çıxacaq. Qonşu ölkəyə 20 min ton hallabonq göndərəcəyik”.

"1 kq-ı 2 min manata belə çay satırıq"

100 nəfərin çalışdığı çayçılıq təsərrüfatının sahibi Araz Yaqubov isə yetişdirdiyi məhsulun 1 kq-nın qiymətinin 8 manatdan 2 000 manata qədər dəyişdiyini bildirir: "Məsələn, baha çayı var. Onu səhər saat 6-da, günəş çıxmamış 1 saat ərzində yığırıq və xüsusi texnologiya ilə hazırlayırıq. Bu çay çox məhdud həcmdədir və onun qiyməti 500 manatdan 2 000 manata qədər dəyişir, əsasən Avropa bazarlarına çıxarılır. Plantasiya ilə yanaşı, kiçik emal seximiz də var, məhsulumuzu burada emal edib, bazara çıxarırıq". 

Son xəbərlər

Orphus sistemi