Azərbaycanın azad olunan ərazilərində bu il 50 min hektar sahədə aparılmış əkinlərin əsasını taxıl əkinləri təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin böyük potensialı var: “Bu gün azad edilmiş ərazilərdə 50 min hektarlıq sahədə aparılan əkinlər əsasən taxıl əkinləridir, buğda və arpa təşkil edir. Əkinlər dəmyə şəraitində aparılır. Növbəti mərhələdə suvarılan sahələrə transfer edilməsi planlaşdırılır. Bu da məhsuldarlığın dəfələrlə artmasına səbəb olacaq”.
Nazirlik rəsmisi əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların potensialının öyrənilməsinə başlanılıb: “Potensial öyrənildikdən sonra hər rayondan aslı olaraq əkin sahələrin hansı istiqamət üzrə aparılması müəyyənləşdirilib. Konseptual layihələr hazırlanıb, hökumətə təqdim edilib. Eyni zamanda, praktiki işlərə də başlanılıb. Bu işlərin başlanğıcında minatəmizləmə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi öndə dururdu. Biz aidiyyəti qurumlarla birgə təhlükəsiz ərazilərin seçilməsinə başladıq. Qələbənin əldə edildiyi il 2020-ci ildə əkin vaxtı keçmişdi, lakin simvolik olaraq biz əkinlərimizi apardıq. Buna praktiki yanaşma baxımdan etdik".
F. Tağıyevin sözlərinə görə, həmin torpaqların potensialına uyğun bu il bütün aqrotexniki qaydalara uyğun qulluq edilməklə əkinlər həyata keçirilib: "Əkinlərin monitorinqi göstərir ki, Qarabağın torpaqlarından yüksək məhsuldarlıq gözlənilir. Burda regiondan aslı olaraq fərqli yanaşma var. Düşmənlərimiz tərəfindən torpaqlarımız kortəbii istifadə edilib. Bu isə torpaq resurslarının çirklənməsinə səbəb olub. Qarşımızda duran məsələlər həmin torpaq resurslarının münbitliyinin geri qaytarılması ilə daha məhsuldar əkinlərin aparılmasıdır”.
O vurğulayıb ki, Həkəri çayı üzərində su anbarları qurulacaq bunlar da daha yüksək məhsuldarlıq əldə edəcəyimizə qarantıya verir: “Biz daha yüksək məhsuldarlığı bu layihələrdən sonra əldə edəcəyik”.